Alternativ marşrutlar strateji üstünlüyümüzdür - Natiq Miri

15:55 22.05.2026 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Hazırkı mərhələdə əsas məqsəd yeni enerji siyasəti qurmaqdan daha çox, mövcud sistemi daha təhlükəsiz və dayanıqlı hala gətirməkdir"

Yaxın Şərqdə, xüsusilə Hörmüz boğazı ətrafında artan gərginlik yenidən qlobal enerji təhlükəsizliyi və təchizat zəncirlərinin dayanıqlılığı məsələsini gündəmə gətirib. Prezident İlham Əliyevin “Euronews”a müsahibəsində Azərbaycanın bu böhrandan ciddi təsirlənmədiyini vurğulaması ölkənin illərdir, həyata keçirdiyi şaxələndirilmiş enerji və nəqliyyat siyasətinin nəticəsi kimi qiymətləndirilir.

Hafta.az-ın müsahibi politoloq Natiq Miridir:

- Prezident İlham Əliyevin Hörmüz böhranı ilə bağlı açıqlaması Azərbaycanın enerji təhlükəsizliyi strategiyasının hansı uğurlarını ortaya qoyur?

- Azərbaycan enerji ixrac edən dövlət olsa da, ixrac etdiyi kommunikasiya sistemlərinin və nəqliyyat marşrutlarının şaxələndirilməsi strateji baxımdan olduqca vacibdir. İstənilən halda yalnız bir istiqamətdən və ya bir ölkədən asılı qalmaq gələcəkdə müəyyən risklər yarada bilər. Hər zaman vurğulanıb ki, Gürcüstan Azərbaycan üçün dost və tərəfdaş ölkə olsa da, gələcəkdə regionda və ya həmin ölkədə baş verə biləcək siyasi dəyişikliklər, xüsusilə də fərqli geosiyasi xəttə üstünlük verən hakimiyyətlərin formalaşması müəyyən problemlər yarada bilər. Bu baxımdan, alternativ nəqliyyat-kommunikasiya xətlərinin mövcudluğu Azərbaycanın strateji üstünlüklərindən biridir.

Məhz buna görə də Azərbaycan son illərdə paralel şəkildə bir neçə istiqamətdə yeni marşrutların formalaşdırılması siyasətini həyata keçirir. Gürcüstan üzərindən keçən mövcud marşrutlarla yanaşı, Orta Dəhlizin digər qolu hesab olunan Zəngəzur dəhlizi, eləcə də İran üzərindən keçəcək Araz yolu layihəsi də gündəmdədir. Bu şaxələndirmə gələcəkdə yarana biləcək geosiyasi və iqtisadi risklərin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.

Müasir dünyada böyük dövlətlər və güclü iqtisadiyyatlar mümkün böhranları və riskləri əvvəlcədən hesablamağa çalışırlar. İsrail-İran müharibəsi fonunda bir çox ölkələrin Hörmüz boğazından ciddi asılı vəziyyətə düşməsi də göstərdi ki, alternativ ticarət və enerji marşrutlarına ehtiyac artıq strateji zərurətə çevrilib. Baş verən hadisələr bir daha ortaya qoydu ki, müharibə və ya siyasi böhran şəraitində alternativ yolların mövcudluğu ölkələrin iqtisadi təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır.

Bu mənada, Azərbaycanın həyata keçirdiyi siyasət uzaqgörən və praqmatik yanaşma kimi qiymətləndirilə bilər.

- Azərbaycanın enerji və nəqliyyat marşrutlarını illər öncədən şaxələndirməsi bugünkü geosiyasi risklər fonunda ölkəyə hansı üstünlükləri qazandırır?

- Şaxələndirilmiş siyasətin əsas üstünlüyü ondan ibarətdir ki, istər enerji ixracında, istər nəqliyyat-kommunikasiya sistemlərində, istərsə də digər strateji sahələrdə alternativ marşrut və ehtiyat variantlarının mövcudluğu dövlətin təhlükəsizliyini və dayanıqlığını artırır. Yəni səndən asılı olmayan hər hansı böhran, siyasi dəyişiklik və ya geosiyasi risk yarandığı halda əvvəlcədən formalaşdırılmış alternativ marşrutlardan istifadə etmək imkanı yaranır. Bunun əsas üstünlüyü də məhz budur. Azərbaycan uzun illər ərzində həyata keçirdiyi enerji və nəqliyyat strategiyası ilə qlobal səviyyədə etibarlı tərəfdaş imicini formalaşdırmağa nail olub.

Məsələ yalnız enerji layihələri ilə məhdudlaşmır. İstər neft, istər qaz, istərsə də gələcəkdə bərpa olunan enerji sahəsində Azərbaycanın etibarlı tərəfdaş kimi tanınması təsadüfi deyil. Bəzən, bu xüsusiyyət yalnız iqtisadi və enerji siyasəti ilə əlaqələndirilir. Halbuki bu yanaşmanın kökündə Azərbaycan xalqının tarixi-mənəvi xüsusiyyətləri dayanır. Azərbaycan cəmiyyətində sözə sədaqət, etibar və tərəfdaşlıq ənənəsi uzun illər formalaşmış dəyərlər sistemidir.

Keçmiş nəsillərin yaşam tərzinə nəzər saldıqda görürük ki, Azərbaycan insanı üçün verilən söz ən böyük dəyərlərdən biri hesab olunub. Bu xüsusiyyət, sadəcə, iqtisadi münasibətlərdə deyil, ümumilikdə milli düşüncə və davranış modelində özünü göstərib.

- Hörmüz boğazında mümkün böhranların dünya bazarlarına təsiri fonunda Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi rolu daha da arta bilərmi?

- Azərbaycan etibarlı tərəfdaş kimi qlobal səviyyədə özünü təsdiq edib. Ancaq bu məsələ sadəcə enerji sistemlərinə aid olan bir məsələ deyil. Nədənsə bəziləri məhz enerji məsələsində Azərbaycanın etibarlı tərəfdaş olduğunu iddia edir. Əslində, doğru olmayan yanaşmadır. Bu, bu millətin genetik informasiyasından gələn bir gerçəklikdir. Bu bir əxlaqdır. Bu bir yaşayış tərzidir.

- Azərbaycanın həyata keçirdiyi logistika və tranzit siyasəti region ölkələri üçün nümunəvi model hesab oluna bilərmi?

- Əlbəttə, qlobal səviyyədə baş verən müharibələr və onların fonunda yaranan iqtisadi böhranlar dövlətlər üçün ciddi dərs və nümunə xarakteri daşıyır. Bu cür hadisələr göstərir ki, geosiyasi və iqtisadi risklərə qarşı əvvəlcədən hazırlıqlı olmaq, alternativ marşrutlar formalaşdırmaq və strateji təhlükəsizlik siyasəti yürütmək artıq zərurətə çevrilib. Bu proseslərdən düzgün nəticə çıxarmayan ölkələr isə gələcək böhranlarda da itkilərlə üzləşməyə davam edəcəklər.

Azərbaycan bu baxımdan uzun illərdir uzaqgörən və çoxşaxəli siyasət həyata keçirir. Bu gün ölkənin təhlükəsiz və sabit ixrac marşrutları mövcuddur. Məsələn, Bakı–Tbilisi–Qars dəmir yolu xətti artıq Orta Dəhlizin ən mühüm seqmentlərindən birinə çevrilib və Gürcüstan üzərindən Avropaya çıxış imkanlarını təmin edir. Hazırda bu marşrut üzrə yükdaşımaların həcmi də ildən-ilə artır.

Azərbaycan bununla kifayətlənmir. Paralel şəkildə İran üzərindən Araz marşrutunun formalaşdırılması istiqamətində də mühüm addımlar atılır. Körpülərin tikilməsi, yolların salınması və kommunikasiya xətlərinin yaradılması ana Azərbaycanla Naxçıvan arasında alternativ bağlantının təmin olunmasına xidmət edir. Bununla yanaşı, Azərbaycan Zəngəzur dəhlizinin açılmasında və gələcəkdə regionun əsas tranzit xətlərindən birinə çevrilə biləcək yeni nəqliyyat-kommunikasiya sisteminin qurulmasında da maraqlıdır.

Bütün bunlar Azərbaycanın yalnız tranzit ölkə kimi deyil, eyni zamanda qlobal nəqliyyat və logistika layihələrinin təşəbbüskarı kimi rolunu gücləndirir. Azərbaycan artıq Asiya ilə Avropanı birləşdirən əsas körpülərdən biri kimi çıxış edir. İstər Şimal–Cənub, istərsə də Şərq–Qərb nəqliyyat dəhlizləri çərçivəsində ölkənin geosiyasi və iqtisadi əhəmiyyəti daha da artır.

Ən önəmli məqamlardan biri isə budur ki, Azərbaycan bu layihələrdə yalnız coğrafi keçid məntəqəsi rolunu oynamır. Eyni zamanda bu təşəbbüslərin formalaşdırılması və həyata keçirilməsində aparıcı ölkələrdən biri kimi çıxış edir. Bu baxımdan Azərbaycanın həyata keçirdiyi nəqliyyat və kommunikasiya siyasəti bir çox dövlətlər üçün nümunə və model hesab oluna bilər.

- Mövcud qlobal risklər fonunda Azərbaycanın enerji diplomatiyasında yeni mərhələnin başlandığını söyləmək olarmı?

- Belə deməzdim. Çünki Azərbaycan artıq mövcud neft və qaz potensialını dünya bazarına çıxarmaq üçün formalaşdırılmış infrastrukturlardan maksimum səviyyədə istifadə edir. Bu baxımdan hazırkı mərhələdə əsas məqsəd yeni enerji siyasəti qurmaqdan daha çox, mövcud sistemi daha təhlükəsiz və dayanıqlı hala gətirməkdir.

Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan perspektivdə yarana biləcək geosiyasi və iqtisadi risklərə qarşı özünü müəyyən mənada “sığortalayır”. Bunun üçün də enerji və nəqliyyat marşrutlarının şaxələndirilməsi siyasəti həyata keçirilir, alternativ yollar və kommunikasiya xətləri yaradılır. Məsələn, gələcəkdə Zəngəzur dəhlizi və ya perspektivdə formalaşa biləcək digər yeni marşrutlar açılarsa, bu xətlər vasitəsilə əlavə enerji infrastrukturlarının qurulması mümkün ola bilər. Həmin marşrutlar vasitəsilə qazın Naxçıvan üzərindən Türkiyəyə, oradan isə Avropaya çatdırılması, yaxud alternativ istiqamətlər üzrə Aralıq dənizi hövzəsinə çıxış imkanlarının formalaşdırılması mümkündür.